Xəbərlər

Abşeron Milli Parkında “Xəzər festivalı”

01 Oktyabr 2024, 11:35

“Ümumdünya Dəniz Günü” ilə əlaqədar hər il sentyabr ayının sonuncu həftəsi ölkəmizdə qeyd olunan "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının, “Ekosfera” sosial-ekoloji mərkəzin, “ASAN Könüllüləri” təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Qızıl fırça” Bakıxanov sənət mərkəzinin, "McDonald's Azerbaijan"ın, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Abşeron Milli Parkında “Xəzər festivalı” adlı əyləncəli və maarifləndirici tədbir keçirilib.
 
Açıq havada Xəzərin sahilində keçirilən festivalda nazirliyin rəsmiləri, diplomatik korpus nümayəndələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin şagirdləri, ekokönüllülər, eləcə də milli parka gələn turistlər iştirak edib.

Festival çərçivəsində Xəzər dənizinin qorunmasının vacibliyinə, onun bioloji resurslarının mühafizəsinə həsr olunan dəyirmi masa keçirilib, Xəzərin bioloji müxtəlifliyinin hazırki vəziyyətini əks etdirən stendlər nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar Xəzər dənizi ilə bağlı maraqlı rəsmlər çəkib, iştirakçılar üçün intellektual oyunlar təşkil olunub. Parkı ziyarət edən turistlər festivalda təşkil olunan maarifləndirici guşələrlə yaxından tanış olub, gənc rəssamların stendlərini maraqla izləyiblər.

Festivalda həmçinin iştirakçıların marağına səbəb olacaq müxtəlif fəaliyyətlər, o cümlədən veloyürüş, canlı musiqi, uşaqlar üçün Xəzərin eko-sistemi ilə bağlı təlimlər təşkil olunub, yoqa mütəxəssisi Kənan Məmmədov tərəfindən yoqa təlimləri keçirilib.

Günün ikinci yarısınadək davam edən festival ziyarətçilər tərəfindən maraqla qarşılanıb, xoş təəssüratlarla yadda qalıb.