Qanunsuz ov edən şəxslər saxlanılıb
21 Yanvar 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 15-19 yanvar 2015-ci il tarixlərində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
Siyəzən rayonu Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ov edən
Siyəzən rayonu Yenikənd kənd sakini Rüstəm Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi, 1 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Siyəzən rayonu Xəzər dənizi sahilində keçirilmiş növbəti reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Siyəzən Rayon Polis Şöbəsinə müraciət edilib.
Samux rayonu ərazisində ovla məşğul olan Gəncə şəhər sakini Telman Rəhimov saxlanılaraq ondan 1 ov tüfəngi, 5 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Cəlilabad rayonunda keçirilmiş reyd zamanı Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində 4 nəfər naməlum şəxs saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb və barələrində akt tərtib edilib. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib.
Qanunsuz ov halları ilə mübarizə məqsədilə respublika ərazisində reydlər davam etdirilir.