“Xəzər həftəsi” çərçivəsində maarifləndirici tədbirlər davam edir
27 Sentyabr 2024, 13:49
23-29 sentyabr “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin şimaldan cənubadək ərazilərində müxtəlif dövlət qurumlarının iştirakı ilə tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri kimi Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında aidiyyəti dövlət qurumlarının, orta məktəb rəhbərlərinin, neft və digər sahələr üzrə istehsalat idarələrinin, Hövsan limanının, Hövsan Aerasiya Stansiyasının nümayəndələrinin iştirakı ilə “Xəzər dənizinin ekomühitinin qorunmasında dövlətin və cəmiyyətin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Eyni zamanda, Hövsan Aerasiya Stansiyasının inzibati binasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib, tullantı suların dənizə axıdılmazdan əvvəl normaca təmizlənməsinin əhəmiyyəti, eləcə də həyata keçirilməsi nəzərdə tutulan təmizlənmiş çirkab sularının təkrar emal olunması və texniki məqsədlər üçün istifadəsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan pilot layihənin vacibliyi barədə ətraflı məlumat verilib.