Xəbərlər

“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlar su hövzələrindən yığışdırılıb

23 Sentyabr 2024, 17:24

 
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı şəhəri, Lənkəran və Astara rayonlarının akvatoriyasından, Xanbulançay su anbarından, Kür çayının Neftçala və Salyan, Baş Şirvan kollektorunun Şirvan və Salyan, Baş Mil Muğan kollektorunun isə Neftçala və Biləsuvar rayonlarından keçən hissəsindən ümumilikdə 638 metr uzunluğunda 21 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Aksiya çərçivəsində tədbirlər davam etdirilir.