“Beynəlxalq ozon qatının mühafizəsi günü” ilə əlaqədar Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub
16 Sentyabr 2024, 14:05
Hər il dünyada 16 sentyabr tarixində qeyd olunan “Beynəlxalq ozon qatının mühafizəsi günü” ilə əlaqədar F.Əmirov adına 6 nömrəli incəsənət məktəbinin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.
Xidmətin mütəxəssisləri tərəfindən günün əhəmiyyəti, onun yaranma tarixi şagirdlərin diqətinə çatdırılıb. Həmçinin tədbir iştirakçılarına atmosferin çirklənmə səbəbləri, ozon qatının dağılması ilə əlaqədar yaranan təsirlər, insan sağlamlığının qorunmasına yönəldilmiş tədbirlər, ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələli şəkildə azaldılmasının tənzimlənmə tədbirləri haqqında ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbirdə ilkin olaraq şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.
Daha sonra Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Tədbirin sonunda müəllimlərə və şagirdlərə hava sertifikatı təqdim edilib.