Müstəqil Dövlətlər Birliyinin (MDB) Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 35-ci sessiyası keçirilir
11 Sentyabr 2024, 19:35
2024-cü ilin 11-12 sentyabr tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilməsi nəzərdə tutulan MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 35-ci sessiyası bu gün öz işinə başlayıb.
Sessiyada sözügedən Şuranın üzvləri olan MDB ölkələrinin hidrometeorologiya xidmətlərinin rəhbərləri və Şuranın İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirlər. Mütəmadi keçirilən tədbirdə Şuranın üzvləri milli və dövlətlərarası səviyyədə hidrometeorologiya sahəsi üzrə görülmüş işlər, əməkdaşlıq perspektivləri və digər aidiyyəti məsələlər müzakirə olunur.
Azərbaycan Respublikasından nümayəndə qismində iştirak edən və Şuranın hazırkı sədri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov ölkəmizdə hidrometeorologiya sahəsi üzrə görülmüş işlər, erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, o cümlədən, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıq işləri barədə təqdimatla çıxış edərək tədbir iştirakçılarına məlumat verib.
Həmçinin, Şuranın reqlamentinə uyğun olaraq, Azərbaycan Respublikasının ev sahibliyi etdiyi ötən ilki 34-cü sessiyada MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şuranın dönəm sədri seçilmiş MHX-nin rəisi N. Mahmudov tərəfindən sədrlik növbəti sessiyaya qədər Tacikistan Hökuməti nümayəndəsinə ötürülüb.