Xəbərlər

“Mavi səma üçün təmiz hava günü”ndə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçirilib

09 Sentyabr 2024, 18:48

7 sentyabr “Beynəlxalq mavi səma üçün təmiz hava günü” ilə əlaqədar Abşeron Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin, COP29 Məlumat Mərkəzinin, Azərbaycan Gənclər Fondunun, “TƏBİB”-in, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Azərbaycan Gənc Rəssamlar İctimai Birliyinin, “Araz” supermarketlər şəbəkəsinin, "Coca-Cola Azərbaycan"ındəstəyi ilə maraqlı və interaktiv tədbir təşkil olunub.

Tədbirə qaçış marafonu ilə start verilib, idmançılar 6 km-lik məsafəni qaçaraq günə öz töhfələrini veriblər.

Daha sonra Milli Hidrometeorologiya Xidməti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Azelab MMC-nin mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına günün əhəmiyyəti, o cümlədən atmosfer havasının keyfiyyəti, analizlərin və monitorinqlərin aparılması üsulları mövzusunda məlumatlar verilib, ölçmə cihazları göstərilib, səyyar labaratoriya vasitəsilə monitorinqlərin aparılması üsulu əyani nümayiş etdirilib.

"Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə təşkil olunan tədbirdə ziyarətçilər üçün həmçinin, velosiped sürmə imkanı, yoqa, ekoçantalar üzərində rəsm çəkmə, uşaq guşəsi, viktorina kimi maraqlı və interaktiv proqram təşkil olunub. Tədbir gənc rəssamların çəkidikləri rəsmlər və Bakı Musiqi Akademiyasının tələbələrinin ifası ilə davam edib.

Qeyd edək ki, "Beynəlxalq mavi səma üçün təmiz hava günü" hər il sentyabrın 7-də qeyd olunur. Bu gün BMT tərəfindən 2019-cu ildə təsis edilmişdir və əsas məqsədi hava keyfiyyətinin yaxşılaşdırılması, atmosfer çirkliliyinin azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsidir.