Ümumrespublika təmizlik marafonu çərçivəsində Xəzərin Bilgəh sahili növbəti dəfə tullantılardan təmizlənib
09 Sentyabr 2024, 16:30
Artıq yay mövsümünün sonuna yaxınlaşmağımıza baxmayaraq hələ də Xəzər dənizinin sahillərində vətəndaşların istirahətdən sonra atıb getdikləri tullantılarla qarşılaşırıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının, "NARGİS" jurnalının, “Veysəloğlu” şirkətlər qrupu nümayəndələrinin, ASAN könüllülərin və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası Xəzər dənizinin Bilgəh sahilində keçirilib və sahil zolağı 300 kq-dan artıq tullantıdan təmizlənib.
Aksiyanın əsas məqsədi sahil boyu yığılmış tullantıları təmizləmək və gələcəkdə belə tullantıların atılmasının qarşısını almaq üçün ictimaiyyətin diqqətini bu problemə yönəltməkdir.
Xəzər dənizinin sahilindəki tullantılar təkcə ətraf mühitə deyil, həm də dəniz ekosisteminə və insan sağlamlığına zərər verir. Hər kəsi ətraf mühitə qarşı daha məsuliyyətli olmağa və bu cür aksiyalara qoşularaq ətraf mühitin mühafizəsi üçün birgə hərəkət etməyə çağırırıq.