Ekologiya və təbii sərvətlər naziri Ucarda vətəndaşları qəbul edib
05 Sentyabr 2024, 14:49
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 5 sentyabr 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ucar Gənclər Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.