Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 4.3 tondan çox tullantı yığılaraq daşınıb
02 Sentyabr 2024, 18:00
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahilində, Viləşçayın Yardımlı, Bolqarçayın Biləsuvar, Türyançayın Ağdaş, Coğaz çayının Qazax, Qusarçayın Qusar rayonlarından keçən hissələrində, Şamaxı rayonu Çuxuryurd kəndində, Şəki şəhəri S.Mümtaz küçəsinin yaxınlığında, Göygöl rayonu Hacıkənd-Toğanalı avtomobil yolunun sağ hissəsində, Bərdə rayonu meşə ərazisində, Laçın rayonu Bozlu kəndində yerləşən şəlalənin ətrafında və Zabux çayının sahilində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4.3 tondan çox tullantı yığılaraq ərazilərdən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühiti təmiz saxlamaq, tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, insanları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir.