“İdeyanı Reallaşdır 2023” müsabiqəsi çərçivəsində “Yaşıl Gələcək” adlı ekoloji layihə keçirilib
20 Avqust 2024, 12:02
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən və ümumilikdə 9 gün davam edən layihə çərçivəsində Ağcabədi, Bərdə, Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan gənclərə ətraf mühitin mühafizəsinə dair müxtəlif mövzularda təlimlər keçirilib.
Eyni zamanda gənclər layihə müddətində Qarqar çayının sahilyanı ərazisində təmizlik aksiyasında iştirak edib, rayon ərazisində sahibsiz küçə heyvanları üçün yuvalar yerləşdirib, tullantılardan dekorativ əşyalar hazırlayıb.
Layihə iştirakçıları üçün ekoloji problemlərin həllinə yönəlmiş “EcoTech” adlı hakaton təşkil olunub. Gənclərlə bərpa olunan enerji, tullantılardan səmərəli istifadə, su ehtiyatlarının qorunması, hava keyfiyyəti, təbii fəlakətlər mövzularında müzakirələr aparılıb.