Xəbərlər

Kapital Bank Ümumrespublika Təmizlik Marafonuna qoşulub

31 İyul 2024, 16:45

 
Kapital Bank 150 illik yubileyi münasibətilə “Qırmızı Ürəklər Fondu” ilə birgə “Sıfır Tullantı” həmrəylik marafonuna start verib.

Marafona Göygöl rayonundan başlayan iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər.

Layihənin məqsədi dəniz və çay sahillərində, dağ-meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsinə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

Göygöl rayonunda baş tutan ilk aksiyada Nazirliyin regional idarələrinin əməkdaşları, “Kapital Bank”ın Gəncə–Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən filiallarının əməkdaşları, “Qırmızı Ürəklər” Fondunun, Göygöl Rayon Yeni Azərbaycan Partiyasının, Göygöl Gənclər Evinin, Göygöl Rayon Aqrar İnkişaf Mərkəzinin nümayəndələrinin iştirakı ilə 300 kq-a yaxın tullantı toplanaraq ərazidən daşınıb.