Xəbərlər

İctimai dinləmədə layihələrin ekoloji tələblərə cavab verməsinin vacibliyi vurğulanıb

27 İyul 2024, 14:35

 
Bakı şəhəri, Abşeron və Xaçmaz rayonlarının bir sıra ərazilərində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, eyni zamanda ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Dövlət Ekoloji Ekspertiza Agentliyində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində Xaçmaz rayonunda yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların, Yasamal rayonu, K.Kazımzadə küçəsi 118 ünvanında Gömrük hospitalının həyətində yeraltı dayanacağın tikintisi ilə bağlı layihə altına düşən ağac və kolların, həmçinin Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindən inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirə olunub.

Bundan başqa, Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistral avtomobil yolu üzərində quruyan tinglərin götürülməsi barədə də müzakirələr aparılıb.

İctimai dinləmədə ölkəmizdə həyata keçirilən layihələrə rəy verilən zaman mütləq şəkildə onların ekoloji tələblərə cavab verməsinin, həmçinin aşıllıqla əhatə olunan sahələrin artırılmasının vacibliyi bildirilib.