Ümumrespublika Təmizlik Marafonuna qoşulan tərəfdaşların sayı artır
15 İyul 2024, 16:50
Sevindirici haldır ki, Ümumrespublika Təmizlik Marafonuna qoşulan tərəfdaşların sayı günbəgün artır, dövlət və özəl qurumların əməkdaşları da bu marafonun iştirakçılarından olur.
Bu çərçivədə növbəti təmizlik aksiyası 14 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsun Holding” MMC-nin “Zeytun bağları” markasının əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində keçirilib.
100-dən artıq nümayəndənin iştirakı ilə keçirilən aksiya çərçivəsində sahil zolağı ərazi 1.2 tondan artıq tullantıdan təmizlənib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonuna töhfə verən bütün tərəfdaşlara, dövlət və özəl sektorun əməkdaşlarına, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələrinə, vətəndaşlara, könüllülərə ətraf mühitə qarşı göstərdikləri diqqətə görə minnətdarlığımızı bildiririk.