Xəbərlər

“Birlikdə təmiz dünya üçün” rubrikasına start verilir

15 İyul 2024, 14:45

 
Yay ayları hər kəsin sevdiyi, dincəldiyi, lakin təəssüf ki, ətraf mühitə qarşı ən çox laqeyd yanaşılan mövsümdür. İstirahət etdiyimiz təbiət əraziləri- meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir.

Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı bəzi ekoloji problemlərə qarşı formalaşan ictimai qınaq, bu sahədə birgə səylərin göstərilməsi təmiz ətraf mühitdə yaşamaq üçün effektiv rol oynayır.

Vətəndaşlara səslənirik ki, yolda gəzərkən, nəqliyyat vasitəsilə hərəkətdə olarkən, hansısa ərazidə istirahət edərkən tullantıların ətrafa atılması, qalaqlanması, yandırılması və digər bu kimi hallarla rastlaşdıqda ərazinin dəqiq koordinatlarını, foto və video formatda görüntülərini Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna və ya info@eco.gov.az elektron poçt ünvanına göndərsinlər.

İnanırıq ki, ictimai qınaq ölkədə ekoloji şüurun formalaşmasına, insanlarda tullantıları düzgün idarə etmək vərdişlərinin yaranmasına və ərazilərin təmizliyinə hər kəsin məsul olması öhdəliyinin çatdırılmasına töhfə verəcək.