Xəbərlər

“Təmiz ölkəm” aksiyası çərçivəsində meşə ərazilərində iməciliklər keçirilib

07 İyul 2024, 15:02

Ümumrespublika təmizlik aksiyaları çərçivəsində Ağcabədi, Lerik, Masallı, Bərdə, Quba, İsmayıllı, Şəki, Zaqatala, Göygöl və Tovuz rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Aksiyaların keçirilməsi təbliğat xarakterlidir, ekoloji şüurun formalaşmasına nail olmaqdır. Eyni zamanda vətəndaşlara bir çağırışdır ki, tullantıları düzgün idarə edək, onlara nəzarət edək, hara gəldi atmayaq, əraziləri tərk edərkən atdığımız tullantıları toplayaq, təbiəti çirkləndirməyək.

Təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd məhz ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmək, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq, bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.