Xəbərlər

“Beynəlxalq Polietilen Paketdən İmtina Günü” ilə əlaqədar vətəndaşlara ekoçantalar paylanılıb, fləşmob keçirilib

03 İyul 2024, 15:15

 
“Beynəlxalq Polietilen Paketdən İmtina Günü” ilə əlaqədar polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən bir neçə marketdə ekokönüllülər tərəfindən alıcılara ekoçantalar paylanılıb, plastikin təbiətə və insan orqanizminə zərərləri, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyinin əks olunduğu məlumatverici açıqcalar hədiyyə olunub.

Eyni zamanda, ictimaiyyətin diqqətini bu günə yönəltmək, ətraf mühitin qorunması üçün cəmiyyətin hər bir üzvünü fəal iştiraka çağırmaq məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə fləşmob keçirilib.

Hər birimizin ətraf mühitə təsiri var və hər birimiz bu təsiri azalda, polietilen paketlərdən imtina edərək, təbiəti qorumağa və daha təmiz bir gələcək yaratmağa kömək edə bilərik. Gəlin, polietilen paketlərdən imtina edək və ekoloji təmiz alternativlərdən istifadəyə önəm verək.

Qeyd edək ki, “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”nə diqqəti çəkmək, vətəndaşları tullantıların çeşidlənməsinə, düzgün idarə olunmasına təşviq etmək məqsədilə 6 iyul, saat 11:00-13:00 aralığında Sumqayıt şəhəri Dənizkənarı Bulvar (Göyərçin abidəsindən bulvara düşən yol) ərazisində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.