Xəbərlər

“Azərbaycanda Milli Ekosistem Qiymətləndirməsi” hesabatı yekunlaşıb

01 İyul 2024, 10:45

 
28-29 iyun 2024-cü il tarixlərində “Azərbaycanda Milli Ekosistem Qiymətləndirməsi” hesabatının yekun seminarı keçirilib.

Dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələrinin nümayəndələri və biomüxtəliflik sahəsi üzrə ekspertlərin iştirakı ilə baş tutan seminarda Milli Ekosistem Qiymətləndirməsinin yekunları barədə təqdimatlar olunub, əldə edilmiş nəticələrin qanunvericilikdə istifadəsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Seminar çərçivəsində Elm-Siyasət-Cəmiyyət dialoqu da təşkil edilib. Dialoq nəticəsində Milli Ekosistem Qiymətləndirməsinin yekunlarının “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2025–2030-cu illər üçün Milli Strategiya/Fəaliyyət Planı”nın layihəsinin hazırlanmasında istifadəsi tövsiyə edilib.

Qeyd edək ki, Beynəlxalq İqlim Təşəbbüsünün dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı Dünya Mühafizə Monitorinq Mərkəzi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Filialı tərəfindən həyata keçirilən fəaliyyət çərçivəsində ölkəmizdə 3 spesifik ekosistem – şirin su, dağ (otlaq) və meşə ekosisteminin qiymətləndirməsi həyata keçirilib.

Sözügedən hesabat və keçirilən seminar cari ilin noyabr ayında Azərbaycanda COP29 konfransının keçirilməsi və bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması baxımından da olduqca əhəmiyyətlidir.