Xəbərlər

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17 İyun 2024, 09:10

Səhralaşma, torpaqların deqradasiyası və quraqlıq ən aktual ekoloji problemlərindəndir. Dünya üzrə bütün ərazilərin 40%-ə qədəri artıq deqradasiyaya uğramış hesab olunur.

Sağlam torpaq bizi qida, geyim, sığınacaq, iş və dolanışıq vasitələri ilə təmin edir, həmçinin bizi daha da pisləşən quraqlıq, daşqın və meşə yanğınlarından qoruyur.

Artmaqda olan əhali sayı qeyri-davamlı istehsal və istehlak ilə təbii ehtiyatlara tələbatı artırır və torpağın həddən artıq tənəzzülünə səbəb olur. Səhralaşma və quraqlıq məcburi miqrasiyaya təkan verir və hər il on milyonlarla insan köçkünlük riski ilə üzləşir.

Bu il Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününün mövzusu - “Torpaq üçün birləşək. Bizim Mirasımız. Bizim Gələcəyimiz” dünya üzrə milyardlarla insanın sabitliyini və rifahını təmin etmək üçün ən qiymətli resursumuz olan torpaq idarəçiliyinin gələcək inkişafına diqqət yetirir.