Milli Hidrometeorologiya Xidmətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə görüş keçirilib
12 İyun 2024, 16:25
Milli Hidrometeorologiya Xidmətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə təşkil olunan görüş zamanı təhlükəli atmosfer hadisələrinin təsərrüfatlara vurduğu zərər və bu hadisələrin tənzimlənməsi məsələləri müzakirə olunub.
Görüşdə son illər qlobal iqlim dəyişikliklərinin getdikcə daha çox hiss edildiyi, təhlükəli hidrometeoroloji hadisələrin sayının artdığı bildirilib.
Aqrar Sığorta Fondunun nümayəndələri Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və sığortanın qarşıladığı risklər barədə məlumat verib. Qeyd olunub ki, təsərrüfatlara verilən sığorta təminatlarının bir hissəsi iqlim hadisələri ilə bağlıdır.
Tədbirdə bildirilib ki, təbiət hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər aqrar sığorta tərəfindən araşdırılarkən həmin hadisələrin təsdiqi üçün Milli Hidrometeorologiya Xidmətinə çoxsaylı sorğular ünvanlanır. Hadisələrin təsdiqi və miqyasları Xidmətin məlumatlarına əsasən müəyyən edilir.
Eyni zamanda qurumlar arasında əməkdaşlığın daha da artırılması, gələcəkdə birgə layihələrin həyat keçirilməsi məsələləri də müzakirə olunub.
Sonda qonaqlar Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yerləşən Situasiya Mərkəzi və bu sahədə aparılan modernizasiya işlər ilə tanış olublar.