Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub
10 İyun 2024, 11:25
254 saylı orta məktəbin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub, ətraf mühitin qorunmasının vacibliyinə, qlobal iqlim dəyişikliyi ilə mübarizənin önəminə həsr olunmuş diskussiyada iştirak ediblər.
Şagirdlər əvvəlcə Xidmətin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzi və Hidrometeorologiya muzeyi ilə tanış olublar. Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Eyni zamanda muzeydəki eksponatlar, hidrometeoroloji cihazlar nümayiş etdirilib, onların iş prinsipləri barədə məlumat verilib.
Sonda şagirdlərə ölkəmizdə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər, iqlim dəyişmələrinin təsirlərinin qarşısını almaq üçün həyata keçirilən fəaliyyətlər, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və onun əhəmiyyəti barədə məlumat verilib.