Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
05 İyun 2024, 10:00
5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. Bu günün məqsədi ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı maarifləndirməni artırmaq, insanları ətraf mühitin qorunması üçün tədbirlər görməyə təşviq etməkdir.
Hər il fərqli devizlər altında müxtəlif tədbirlər, kampaniyalar və fəaliyyətlərlə qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün builki mövzusu “Bizim torpağımız. Bizim gələcəyimiz”dir.
Bu günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və mümkün qədər çox insanı bu istiqamətdə hərəkətə keçməyə sövq etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında əhali arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib və növbəti ildən həmin gün bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmağa başlayıb.