225 saylı tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub
04 İyun 2024, 17:55
5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar ETSN-də 225 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı uşaqlara ətraf mühitin mühafizəsi, gənclərin bu sahədə rolu, Ümumdünya Ətraf Mühit Gününün keçirilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Eyni zamanda, iqlim dəyişmələrinin təsiri nəticəsində baş verən təhlükəli hidrometeoroloji hadisələrin əvvəlcədən aşkarlanması, proqnozlaşdırılması istiqamətində aparılan modernizasiya işləri, hidrometeoroloji müşahidə şəbəkəsi, Qarabağ və Şərqi Zəngəzur ərazisində şəbəkənin bərpası, Situasiya Mərkəzinin yaradılmasının məqsədi, məlumatların emalı haqqında ətraflı danışılıb, iş prosesində istifadə edilən ölçü cihazları əyani olaraq göstərilib.
Daha sonra 225 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş məktəb simpoziumunda araşdırma aparan şagirdlər öz layihələri barədə məlumat verib.
Sonda məktəblilər Nazirliyin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi ilə tanış olub, “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlandırılıb.