Xəbərlər

“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlar su hövzələrindən yığışdırılıb

30 May 2024, 10:10

Qanunsuz balıq ovunun qarşısının alınması, istifadəsi qadağan olunan ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Dünya Əhmədova bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, Mingəçevir su anbarından, Kür çayından və Mil-Muğan kollektorundan ümumilikdə 410 metr uzunluğunda 28 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.