Xəbərlər

Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirilib

27 May 2024, 15:55

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) ilə bağlı Tədbirlər Planının icrası istiqamətində Sumqayıt Dövlət Universitetində təşkil edilmiş tədbirdə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları iştirak edib.

Tədbirin əsas məqsədi qlobal və regional iqlim dəyişmələri və onun Azərbaycana təsirləri, təhlükəli atmosfer hadisələri, iqlim dəyişmələrini yaradan təbii və antropogen mənbələr, iqlim dəyişmələri ilə mübarizə tədbirləri, eləcə də atmosferə atılan istixana qazlarının miqdarının azaldılması sahəsində beynəlxalq və yerli səviyyədə öhdəliklər, həyata keçirilən tədbirlər və bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi barədə iştirakçıların məlumatlandırılması olub.

Tədbirdə iştirak edən müəllim və tələbə heyətinə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən “COP29-Tərəflər Konfransı”, "İstixana qazları emissiyalarının azaldılması istiqamətində fəaliyyətlər”, “Sumqayıt şəhəri sahilyanı ərazilərdə iqlim dəyişmələrinə uyğunlaşma” mövzularında təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.