Xəbərlər

“Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir

27 May 2024, 12:45

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirlir.

Belə ki, 21-23 may tarixlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Zaqatala, İsmayıllı, Qəbələ, Astara və Qobustan rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayonların ərazisində "Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilib.

Reydlər zamanı ümumilikdə 126 avtonəqliyyat vasitəsinə baxış keçirilib, 90 avtonəqliyyat vasitəsinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Qeyd edək ki, “Təmiz hava” aylığının keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.