133 saylı tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub
22 May 2024, 14:40
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində ETSN-də 133 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
22 may Beynəlxalq Biomüxtəliflik Gününə təsadüf edən tədbir zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva uşaqlara ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra uşaqlar “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində yığdıqları işlənmiş batareyaları təhvil verib, onlara ətraf mühitin mühafizəsinə həsr olunmuş kitablar hədiyyə olunub.
Sonda məktəblilər Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi ilə tanış olub, “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlandırılıb.