“Beynəlxalq İqlim Günü” ilə əlaqədar tələbələrlə görüş keçirilib
15 May 2024, 19:25
Milli Hidrometeorologiya Xidmətində Bakı Dövlət, Azərbaycan Dillər və Bakı Slavyan universitetlərinin tələbələrinin iştirakı ilə “Beynəlxalq İqlim Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri və onun təsirləri, iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər, eyni zamanda bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi barədə iştirakçıların məlumatlandırılmasıdır.
Görüşdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən “COP29-Tərəflər Konfransı”, "İnsan fəaliyyəti və atmosferə atılan istixana qazları", “Fəlakət risklərinin qarşısının alınması üzrə Sendai çərçivəsi” mövzularında təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.