15 may - Beynəlxalq İqlim Günüdür
15 May 2024, 10:35
15 may tarixi dünyanın bir çox ölkəsində Beynəlxalq İqlim Günü kimi qeyd edilir.
Bu gün iqlim dəyişmələri bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Son illər ərzində planetdə iqlim dəyişmələri kəskin şəkildə sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlimdə baş verən dəyişikliklər bütün dünya ictimaiyyətini narahat edir və problemin ciddiliyi onun mümkün qədər tez həll edilməsini tələb edir.
Yer kürəsinin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını almaq üçün 1994-cü il martın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulub. Bu günədək Konvensiya 198 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə qəbul edilmiş Paris Sazişi isə Konvensiya Tərəflərindən sənayələşmə ilə müqayisədə qlobal istiləşmənin səviyyəsini 1,5 dərəcə C-dək saxlanılmasına səylər göstərilməsini hədəfləyir.
Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 Azərbaycanda keçiriləcək. Konfransın keçirilməsi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl" iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab edilə bilər.
Gəlin birlikdə yaşıl planet, dayanıqlı iqlim, sağlam gələcək üçün töhfə verək! Bütün bəşəriyyət və gələcək nəsillər naminə üzləşdiyimiz üzləşə biləcəyimiz problemləri idarə etməyə daha yaxşı hazır olan dünya quraq!