Xəbərlər

“Beynəlxalq İqlim Gününə”nə həsr olunmuş seminar keçirilib

14 May 2024, 14:20

 
Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində 15 may “Beynəlxalq İqlim Gününə” həsr olunmuş ekoloji maarifləndirmə xarakterli seminar keçirilib.

“İqlim dəyişmələri kontekstində səhiyyə və gender məsələləri” mövzusunda keçirilən seminarın əsas məqsədi son dövrdə bəşəriyyəti narahat edən qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri, onun insan səhhətinə təsiri, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər, eyni zamanda bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi barədə iştirakçıların məlumatlandırılması olub.

Seminarda Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən “Qlobal iqlim dəyişmələrinə qarşı mübarizə prioritetləri və Bakıda keçiriləcək COP29-a hazırlıq işləri”, “İqlim dəyişmələrinə uyğunlaşmada dayanıqlı gender bərabərliyi”, “İqlim dəyişmələrinin insan sağlamlığına təsiri” və digər əlaqəli mövzularla bağlı təqdimatlar nümayiş etdirilib, professor-müəllim heyətinin və tələbələrin sualları cavablandırılıb.