“Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülərə növbəti təlim təbiət qoynunda təşkil olunub
13 May 2024, 13:58
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti təlim Şirvan Milli Parkında təşkil edilib.
Açıq havada, ceyranlar oylağı sayılan Şirvan Milli Parkında təşkil olunan tədbir zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən gənclərə “Növlərin zənginliyi, təbiətin zənginliyidir” mövzusunda təlim keçirilib.
Təlimdə gənclərə xüsusi mühafizə olunan təbiət ərazilərinin zəngin biomüxtəlifliyi və ekoturizm potensialı, Şirvan düzünün gözəlliklərini özündə birləşdirən Şirvan Milli Parkının zəngin biomüxtəlifliyi barədə ətraflı məlumatlar verilib.
“Ümumdünya Köçəri Quşlar Günü” ərəfəsində təşkil edilən tədbir zamanı Şirvan Milli Parkının direktoru Seymur Kərimov tərəfindən könüllülərə nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı barədə məlumatlar verilib, gənclər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Şirvan Milli Parkındakı “Qızılqaz gölü” marşrutu boyu vəhşi təbiətlə tanış olub, teleskopla quşları müşahidə ediblər.
Təbii sərvətləri və bioloji müxtəlifliyi ilə Qafqazın zəngin bölgələrindən biri olan Şirvan Milli Parkında gənclər safari maşını ilə Azərbaycan təbiətinin incisi sayılan ceyranları müşahidə edib, velosiped və skuter sürərək maarifləndirici, maraqlı və əyləncəli gün keçiriblər.
Qeyd edək ki, təlimlər növbəti həftələrdə də davam edəcək.