Növbəti təmizlik aksiyalarına start verilib
11 May 2024, 17:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Təmiz ölkəm" devizi altında növbəti dəfə təmizlik aksiyalarına start verilib. İlk aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sabunçu Rayon İcra Hakimiyyətinin, “NARGİS” jurnalının əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində keçirilib.
Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 500 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.