Xəbərlər

Meşələrin zərərvericilərdən və xəstəliklərdən qorunması tədbirləri davam etdirilir

06 May 2024, 15:20

 
Meşələrin zərərvericilərdən və xəstəliklərdən qorunması tədbirləri davamlı meşə idarəçiliyinin tərkib hissəsidir.

"Meşə zərərvericiləri və xəstəlikləri ilə mübarizə üçün potensialın və məlumat bazasının gücləndirilməsi" layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə regionlarda təlimlər davam edir. Növbəti təlim Qax və Zaqatala rayonlarında keçirilib.

Təlimdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mərkəzi və regional qurumlarının, Botanika və Bitki Mühafizə Elmi Tədqiqat İnstitutlarının əməkdaşları, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Ümumi Müdirliyinin nümayəndələri və FAO-nun beynəlxalq məsləhətçiləri iştirak edib.

Məqsəd mübarizə tədbirlərinin praktiki tətbiqinə diqqət yetirməklə, meşə təsərrüfatı işçilərinin, eləcə də müvafiq maraqlı tərəflərin, meşələrin mühafizəsi və sağlamlığı sahəsində bacarıqlarını artırmaqdır.

Əməkdaşlıq çərçivəsində ölkənin şimal-qərb bölgəsində meşə fondu ərazisində, eləcə də meşələrlə həmsərhəd olan həyətyanı sahələrdə yayılmış şabalıd ağaclarına zərər vuran şabalıd xərçəngi və qal arısının zərəri, eyni zamanda onlara qarşı mübarizə tədbirləri araşdırılıb.

Qeyd edək ki, Meşə Ümumi Müdirliyindən ölkəmizə bioloji mübarizə üsulu kimi qal arısının bioloji düşməni olan "Torymus sinensis" adlı həşərat gətirilib və qal arısına qarşı mübarizə tədbirlərin praktiki tətbiqi məqsədilə Zaqatala rayonu Car meşəbəyliyində "Torymus sinensis"in təbiətə buraxılması prosesi həyata keçirilib.