Xəbərlər

“Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülər üçün ilk təlim keçirilib

30 Aprel 2024, 15:35

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində 100-dən artıq gənc könüllüyə ilk təlim keçirilib.

“Tullantıların idarə edilməsi: ətraf mühitə dost yanaşma” mövzusunda keçirilən təlimdə gənclər tullantıların düzgün idarə olunması, növlərinə uyğun təsnifatlaşdırılması, beynəlxalq təcrübə və ölkəmizdə bu sahədə görülmüş işlər barədə ətraflı məlumatlar əldə edib, gənclərin ətraf mühitin mühafizəsində aktiv iştirakının vacibliyini mənimsəyiblər, eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Silsilə formatda təşkil edilən növbəti təlim Milli Hidrometorologiya Xidmətində keçiriləcək və gənclər həm nəzəri, həm də praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, “Yaşıl düşüncə maarifləndirmə proqramı”na gənc nəslin ekoloji biliklərinin formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlarda məsuliyyət hissini aşılamaq məqsədilə start verilib.