267 saylı məktəb-liseyin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub
24 Aprel 2024, 11:15
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən şagirdlərə ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə maarifləndirici görüş keçirilib.
Situasiya mərkəzində yerləşən “Hidrometeorologiyanın tarixi muzeyi” ilə tanışlıqdan sonra onlara Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Ekskursiya zamanı şagirdlərə iqlim dəyişmələrinin ətraf mühitə təsiri, iqlimə uyğunlaşma, erkən xəbərdarlıq sisteminin yaradılmasının vacibliyi, iqlim dəyişmələrinin fəsadları haqqında və noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə məlumatlar verilib.