Yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib
22 Aprel 2024, 11:45
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Gəncə şəhərində regional müşavirə keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib.
Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.
Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.