Xəbərlər

22 aprel Beynəlxalq Yer Günüdür

22 Aprel 2024, 10:00

 
Yer Günü ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə hər il aprelin 22-də qeyd olunur. Bu gün planetimizin təbiətini qiymətləndirməyə və gələcək nəsillər üçün davamlılıq təcrübələrini təbliğ etməyə həsr olunmuş bir gündür.

Bu il “Planet və plastiklər” devizi altında qeyd olunan Yer Gününün əsas hədəfi birdəfəlik istifadə olunan plastiklərin ləğvi, gələcək nəsillər üçün plastiksiz planet qurmaq və bu mövzuda məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, “Yer Günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.

Yer Günü planetimizin sağlamlığı və onun qorunmasındakı rolumuz haqqında düşünmək üçün bir fürsətdir. Gələcək nəsillər üçün ətraf mühitimizi birlikdə qoruyaq!