“Yer Günü”nə könüllülər ağac əkərək töhfə verib
19 Aprel 2024, 12:30
22 aprel “Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
100-dən artıq gənc könüllünün iştirakı ilə keçirilən tədbir zamanı Abşeron yarımadasının torpaq iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif növ ağac əkilib.
Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ekoloji maarifləndirməni artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.
Qeyd edək ki, “Yer günü” ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti cəlb etmək və həll yolları haqqında məlumatlılığı artırmaq məqsədilə hər il dünyanın bir çox ölkəsində qeyd olunur.