Bakı Neft-Energetika Kollecinin tələbələri ilə görüş keçirilib
18 Aprel 2024, 20:30
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri ilə maarifləndirici görüş keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənc nəsli ətraf mühitin qorunması sahəsində məlumatlandırmaq və bu sahədə onlara məsuliyyət hissini aşılamaq məqsədilə keçirilən görüşdə tələbələrə ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə geniş məlumatlar verilib, ətraf mühitin monitorinqi və onun əhəmiyyəti haqqında hazırlanmış təqdimat nümayiş etdirilib.
Eyni zamanda, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üzrə müəyyənləşdirilmiş beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizi olduğu vurğulanmış, bu istiqamətdə ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinin əsas hədəf olaraq götürüldüyü bildirilmişdir.
Tədbirin sonunda tələbələrə ətraf mühit üzrə qanunvericilik, ekoloji normativ sənədlər, atmosferə atılan zərərli maddələr, müxtəlif növ tullantıların idarə olunması ilə bağlı məlumatlar verilib, bu istiqamətdə qarşılıqlı müzakirələr aparılaraq onları maraqlandıran suallar cavablandırılıb.