“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti meşəbərpa tədbiri və təlim keçirilib
11 Aprel 2024, 11:30
Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Karbonu bloklayaq” adlı meşəbərpa tədbiri və “Ağacların karbon saxlama potensialının ölçülməsi” mövzusunda təlim keçirilib.
Şabran rayonunun meşə fondu ərazisində təşkil edilən tədbirdə Biologiya fakültəsinin “Bitki mühafizəsi” və “Biologiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
Təlim çərçivəsində Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev, 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əkin mühəndisi Xəqani Məmmədov və Bakı Dövlət Universitetinin dekan müavini Yusif Abiyev tərəfindən tələbələrə bitkilərin əkilmə qaydaları, terras üsulu ilə aparılan əkinlər və onun əhəmiyyəti, quraqlıq şəraitinə uyğunlaşan bitkilərin meşəbərpa tədbirlərində istifadəsi, ağacların həcminin hesablanması qaydası, karbon anlayışı, ağacların karbon tutma mexanizmi, biokütlənin və karbonun hesablanması qaydası barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tələbələr ağacəkmə tədbirində iştirak edərək təbiətə öz töhfələrini veriblər.