Xəbərlər

Bayram günlərinin yenilənmiş hava proqnozu

09 Aprel 2024, 16:05

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi aprelin 10-u axşamdan şimal-qərb küləyi ilə əvəz olunacaq, 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bayram günlərində havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Aprelin 11-i axşam yağıntılar tədricən kəsiləcək, aprelin 12-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq rayonlarda 5-10 dərəcə isti olacaq.