Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi, adıçəkilən su hövzələrində balıqçılıq subyektləri tərəfindən balıq və digər su bioresurslarının ovunda istifadə edilmiş ov alətlərinin yığışdırılması, həmçinin su hövzələrinin sahillərinin tullantılardan təmizlənməsi üçün həftə sonları “Təmiz hövzələr” aksiyasına yenidən start veriləcək.
Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində balıq ehtiyatlarını qorumaq, onların təbii populyasiyasını artırmaq, su hövzələrində çirklənməni azaltmaq, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etməkdir.
Hər bir vətəndaşı faunamıza dost münasibət bəsləməyə, onu qorumağa, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə, sintetik torlardan istifadə etməməyə çağırırıq.
Qeyd edək ki, ictimaiyyətin diqqətini bu məsələyə yönləndirmək, əhali arasında məlumatlılığı artırmaq məqsədilə aksiyalara dövlət və yerli idarəetmə qurumlarının, qeyri-hökumət təşkilatlarının, ictimai fəalların cəlb edilməsi nəzərdə tutulub.
“Təmiz hövzələr” aksiyasına start verilir
02 Aprel 2024, 17:00