“Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” mövzusunda gənclərlə növbəti görüş keçirilmişdir
28 Noyabr 2014, 00:00
Gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Keçirilən tədbirlərin məqsədi gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə
cəlb olunmasından ibarətdir.
Layihə çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələri tələbələri arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə müxtəlif mövzularda mühazirələr oxunur.
Növbəti tədbir “Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” mövzusunda 28 noyabr 2014-cü il tarixində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin 50-yə yaxın tələbəsinin iştirakı ilə keçirilmişdir.
Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, Azərbaycan Respublikasının ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilmişdir.
Məlumat üçün qeyd edirik ki, tədbir ətraf mühit və təbii sərvətlərin mühafizəsinin təbliği, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılması məqsədilə Nazirlik və sözügedən Universitet arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış ekoklubun təşkilatçılığı ilə baş tutmuşdur.