Xəbərlər

1 aprel dünyada “Beynəlxalq quşlar günü” kimi qeyd edilir

01 Aprel 2024, 13:15

 
1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. UNESCO-nun İnsan və Biosfer proqramı çərçivəsində hər il qeyd edilən günün əsas məqsədi diqqəti vəhşi quşların qorunmasına yönəltməkdir.

Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həmdə oturaq quşlar üçün əlverişli məkandır.

Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il yanvar ayında quşların sayğısı həyata keçirilir. Cari ildə keçirilən sayğı prosesində ornitoloq-ekspertlər son illərin statistikasına əsasən iqlim dəyişiklikliyinin, su-bataqlıq ərazilərinin artıb-azalmasının quşların miqrasiya marşrutlarına təsir göstərdiyini və quşların daha da cənuba köç etməsini qeyd ediblər. Qeydə alınmış quşların əksəriyyəti ördəklərin müxtəlif növlərindən, qаşqаldаq və bəzgəkdən ibarət olmuşdur.

Azərbaycan Respublikasının ərazisində yayılmış quşların (o cümlədən, oturaq və köçəri) qış sayğısının nəticəsində quşların ümumi sayının 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə аlınmışdır.

Həmçinin, sayğı nəticəsində Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) “Qırmızı Siyahısı”na və Аzərbаycаn Respublikasının “Qırmızı Kitаb”ınа düşən 12 növ qеydə аlınmışdır.

Cari ildə 239 083 quş Qızılаğаc Milli Parkında, 96 797 quş Abşeron Milli Parkı və ətrafında, 87 636 quş Ələt buxtasında, 77 305 quş Ağgöl Milli Parkında, 26 385 quş Acınohur düzündə qeydə alınmışdır.