Xəbərlər

Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür

30 Mart 2024, 10:00

Beynəlxalq Sıfır Tullantı Günü həm qlobal miqyasda tullantıların idarə edilməsinin gücləndirilməsinin, həm də davamlı istehlak və istehsal nümunələrinin təşviq edilməsinin vacibliyini vurğulayır.

14 dekabr 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart tarixi “Beynəlxalq Sıfır Tullantı Günü” elan edilib. Qardaş Türkiyə tərəfindən irəli sürülən bu təşəbbüsə 105 ölkə qoşulub.

Beynəlxalq Sıfır Tullantı Günündə üzv dövlətlər, təşkilatlar, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor, akademik dairələr, gənclər və digər maraqlı tərəflər tullantıların idarə edilməsi haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdə iştirak etməyə dəvət olunurlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün “Gənclik” parkında “Beynəlxalq Sıfır Tullantı Günü”nə həsr olunmuş “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək. Hər kəsi bu festivalda iştirak edərək tullantıların çeşidlənməsi vərdişinin formalaşmasına, tullantıların sayının azaldılmasına töhfə verməyə dəvət edirik.