“Tullantıları tinglərə dəyiş” aksiyasında böyük həvəslə iştirak edən Sahil qəsəbəsinin vətəndaşlarına təşəkkür edirik
14 Mart 2024, 18:45
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Qaradağ rayonu Sahil qəsəbəsində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Araz supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 2415 litr olan plastik, 120 litr şüşə tullantı və 60 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 200 ədəd sərv, ərik və nar ağac tingi paylanılıb.
Aksiyada yüksək fəallıqla iştirak edən Sahil qəsəbəsinin sakinlərinə, o cümlədən sosial şəbəkə izləyicilərimizdən Mehman Əliyevə 1500 litrdən artıq tullantını çeşidləyib təhvil verərək aksiyaya töhfə verdiyi üçün təşəkkür edirik.
Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.