Yel çərşənbəsinə “Tullantıları tinglərə dəyiş” aksiyası ilə töhfə verilib
13 Mart 2024, 14:50
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Yel çərşənbəsində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Həzi Aslanov metro stansiyası yaxınlığında yerləşən Neptun supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 445 litr olan plastik, 15 litr şüşə tullantı və 75 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 150 ədəd ağac tingi paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırırıq.
Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.