Xəbərlər

14 mart - Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür.

14 Mart 2024, 11:50

 
1998-ci ildə təsis edilmiş bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-nin Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb. Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirilmək məqsədi daşıyır.

Hidroloji şəbəkənin modernləşdirilməsi və müşahidələrin keyfiyyətinin artırılması məqsədilə ölkənin əsas çaylarında- Kür, Araz, Qanıx, Qabırrı, Ağstafaçay, Şəmkirçay, Tərtərçay, Qusarçay, Viləşçay, Lənkərançay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Katexçay və Əyriçay çayları üzərində ümumilikdə 23 ədəd sensorlarla təchiz edilmiş müasir avtomat hidroloji stansiya quraşdırılıb.

İşğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 2022-ci ildən başlayaraq Tərtərçay, Tutqunçay, Köndələnçay, Quruçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay, Araz çaylarında 11 müasir avtomat hidroloji stansiya quraşdırılıb.

Böyük Qafqaz ərazisindən axan Əlicançay, Türyançay, Qarasuçay, Qaraçay, Vəlvələçay və Qudyalçay çayları üzərində daha 6 avtomat hidroloji stansiya quraşdırılıb.

Ümumilikdə 40 avtomat hidroloji stansiyadan fasiləsiz daxil olan informasiya Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzində serverə daxil olur və monitorda daimi vizuallaşır. Bu isə çayların sululuğunun dəqiq uçotunun aparılmasına və sudan səmərəli istifadəyə zəmin yaradır.

Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi, eyni zamanda gün ərzində çayda baş vermiş dəyişiklikləri quraşdırılmış videokamera vasitəsilə də izləmək imkanı verir.