Xəbərlər

İqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda tələbələrlə maarifləndirici görüş təşkil olunub

12 Mart 2024, 16:05

 
Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda tələbələrlə maarifləndirici görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri, neqativ təsirləri, eləcə də bununla bağlı mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib.

Seminarın davamında Xidmətin mütəxəssisləri tərəfindən qlobal iqlim dəyişmələrinə qarşı mübarizə prioritetləri, Bakıda keçiriləcək COP29-a hazırlıq işləri, Azərbaycanda iqlim dəyişmələrinin təsirləri və uyğunlaşma tədbirləri, eyni zamanda təhlükəli hidrometeoroloji hadisələrin idarə olunmasında Erkən Xəbərdarlıq Sisteminin rolu mövzuları üzrə təqdimatların nümayişi olub, universitetin müəllim və tələbə heyətini maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbirdə xüsusi fəallıq göstərənlərə Milli Hidrometeorologiya Xidmətinin hava sertifikatları və təşəkkürnamələr təqdim edilib.