Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılır
07 Mart 2024, 12:00
Qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində bu gündən qarölçmə işlərinə başlanılır.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, qarölçmə işləri Xidmətin mütəxəssisləri tərəfindən Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazilərindən axan çayların hövzələrində aparılacaq.
“Qarölçmə işləri 31 marşrut üzrə 4 qrupdan ibarət ekspedisiya tərəfindən həyata keçiriləcək, qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək sıxlığı və sululuğu təyin olunacaq”.
A.Verdiyevin sözlərinə görə, qarölçmə işləri mart ayının 7-dən 17-dək davam edəcək.